27 Sentyabr - Anım Gününə həsr olunmuş konfrans keçirilib
26 Sentyabr 2023

Gənclər təşkilatlarının iştirakı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş konfrans keçirilib.
Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra konfrans öz işinə başlayıb.
İlk olaraq NAYORA-nın Baş katibi Ramin Həbibzadə çıxış edərək iştirakçıları salamlayıb, daha sonra sözü açılış nitqi üçün Milli Şuranın Sədri Azər Əliyevə verib. Azər Əliyev çıxışında şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək, nümunə göstərməyin hər birimizin üzərinə düşən ən müqəddəs borc olduğunu xüsusilə vurğulayıb.
Həmçinin tədbir çərçivəsində ADNSU-nin Tərbiyə işləri üzrə prorektoru Ata Babayev də çıxış edərək öz fikirlərini iştirakçılarla bölüşüb.
Qeyd edək ki, NAYORA-nın sədr müavini Ülviyyə Axundovanın moderatorluğunu etdiyi konfransın spikerləri Milli Məclisin deputatı Naqif Həmzəyev və Vətən müharibəsi qaziləri Azay Tağızadə, Vüsal Yusifov olublar.
Konfransda İkinci Qarabağ müharibəsi, gənclərin informasiya müharibəsində aktiv iştirakının dövlətimiz üçün əhəmiyyəti, anti-terror əməliyyatındakı qalibiyyətimiz kimi məsələlər müzakirə olunmuş, həmçinin iştirakçıların ünvanladıqları suallar cavablandırılmışdır.