Azərbaycan Respublikasının Gənclər Fondu (Azərbaycan Gənclər Fondu və ADA Universitetinin birgə təşkilatçılığı ilə 11 iyun tarixində “Bizi minalardan xilas edin” (Free us from landmines) adlı Beynəlxalq Gənclər Konfransı keçirilib.
11 İyun 2021

Azərbaycan Respublikasının Gənclər Fondu (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) və ADA Universitetinin (ADA University) birgə təşkilatçılığı ilə 11 iyun tarixində “Bizi minalardan xilas edin” (Free us from landmines) adlı Beynəlxalq Gənclər Konfransı keçirilib.
Konfransda ilk öncə ötən həftə öz peşə vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov daxil olmaqla bütün mina qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov (@jaf_far), AR Xarici İşlər Nazirliyinin idarə rəisi Cəfər Hüseynzadə, ANAMA təşkilatının şöbə müdiri Elnur Qasımov, tanınmış sosial bloqer Adnan Huseyn, Türkiyə Gənclər Fondunun rəhbəri Enes Eminoğlu və xarici ölkələrdən olan digər natiqlər öz çıxışlarında Ermənistanın beynəlxalq səviyyədə hərbi cinayət kimi qəbul edilən mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsini qınayaraq, gələcək təhlükəsizliyin təmin edilməsi, məcburi köçkün vətəndaşlarımızı öz torpaqlarına qayıtması və işğaldan azad edilmiş torpaqlarımızın bərpa işlərinin aparılması mövzularını müzakirə ediblər.
Natiqlər çıxışlarında sosial şəbəkələrdə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırmaqda fəal olmağın vacibliyini vurğulayıb, beynəlxalq təşkilatları klişe bəyanatlar verməkdən çəkinməyə və Ermənistanın bu hərbi cinayətini açıq şəkildə qınamağa və mina xəritələrini dərhal və qeyd-şərtsiz Azərbaycana təhvil verilməsini tələb etməyə çağırıblar.
Azərbaycanın aparıcı gənclər təşkilatları (ASAP-Azerbaijani Students and Alumni Platform, Azerbaijan Student Youth Organizations' Union, National Assembly of Youth Organizations of the Republic of Azerbaijan, Cavan.az, Azərbaycan Könüllü Təşkilatları İttifaqı) beynəlxalq gənclər təşkilatlarının yerli nümayəndəlikləri, azərbaycanlı və xarici tələbələr və eləcə də xarici ölkələrin bir sıra gənclər təşkilatlarının nümayəndələrinin də canlı və onlayn şəkildə qatıldıqları konfransda Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirilib.
Hibrid şəkildə təşkil edilən tədbirə Azərbaycandan və xarici ölkələrdən ümumilikdə 300-dən çox iştirakçı qatılıb.