Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
14 Aprel 2023

Aprelin 14-də Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin sədrliyi ilə keçirilən iclasda Gənclər Fondunun 2022-ci il üzrə hesabatı dinlənilib, gənclər üçün təhsil və məşğulluq proqramları, gənclər təşkilatlarına dəstək mexanizmləri, gənclər sahəsində beynəlxalq əməkdaşlıq və gənclərin asudə vaxtın səmərəli təşkili istiqamətlərdə fikir mübadiləsi aparılıb.
Müşahidə Şurasının sədri 2023-cü ilin ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan edilməsini xüsusi qeyd edərək gənclər təşkilatları üçün elan edilmiş 17-ci qrant müsabiqəsi çərçivəsində “Heydər Əliyev İli”nin prioritet mövzular siyahısına daxil edildiyi vurğulanıb.
Qeyd edək ki, Gənclər Fondunun Müşahidə Şuranın tərkibinə – Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) idarə heyətinin üzvü Emiliya Bayramova və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) idarə heyətinin üzvü Bəxtiyar İslamov daxildir.