Azərbaycanlı gənclər “Türk Gənclərinin IV Liderlik Forumu”nda iştirak ediblər
6 İyun 2022

Azərbaycandan olan nümayəndə heyəti Türk ölkələrinin gənclər paytaxı elan olunmuş Buxara şəhərində keçirilən “Türk Gənclərinin IV Liderlik Forumu”nda iştirak ediblər.
Forumun ilk günü açılış mərasimində NAYORA-nın sədri Azər Əliyev çıxış etmiş, daha sonra "Sosial sahibkarlıq - Biznes və Media" mövzusunda ilk sessiya baş tutub. Sessiyada azərbaycanlı nümayəndələrdən "Enactus Azərbayca"nın proqram direktoru Rəşad Zeynalov və blogger Jalə Ələkbərova spiker qismində iştirak ediblər.
Paralel olaraq "Mədəniyyət, incəsənət və idman" mövzusunda keçirilən sessiyada üzv təşkilatımız olan Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Cavanşir, Vətəndaş cəmiyyətində Debat İctimai Birliyinin üzvləri Nicat Səfərov, Əli Abdullazadə, Emil Zadayev, həmçinin Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud çıxış ediblər.
Forum çərçivəsində Türk ölkələrindən gələn nümayəndələrlə birlikdə ağac əkilib və Buxara şəhərinin görməli və tarixi yerləri ziyarət edilib.
Son gün isə türk ölkələrdən olan gənclərin Selçuk Bayraktarla görüşü keçirilib.
Bildirmək istərdik ki, Forum “Gənclərin Təşəbbüslərinə Dəstək İli” elan edilməsi və Buxara şəhərinin Türk Dünyası Gənclərinin İlk Paytaxtı seçilməsi ilə əlaqədar baş tutub.