Gəlin, Laçının tarixi abidələrini və incəsənət xadimlərini tanıyaq

15 Dekabr 2020

Gəlin,  Laçının tarixi abidələrini və incəsənət xadimlərini tanıyaq

Gəlin, rayonumuzun tarixi abidələrini və incəsənət xadimlərini tanıyaq🤩

Laçın rayonunun ərazisinin qədim Oğuz-Türk yurdu olduğunu onun çox saylı tarixi abidələri və yaşayış məskənləri də subut edir. Rayon ərazisində tarixi çox qədimlərə gedən memarlıq abidələri var. Bunlar içərisində dəmir dövrünə aid daş at, daş qoç fiqurları, qədim qəbristanlıqları, körpü, türbə, məbəd, mağara, birtağlı və ikitağlı körpüləri, kümbəzləri və başqalarını nümunə gətirmək olar. Birsütun Ağoğlan, Məlik-Əjdər abidələri ulu keçmişlərdən bu günki nəslə yadigar qalmış ən qiymətli mənəvi sərvətlərdir. Hoçaz kəndində Mağara məbəd, adsız türbə, Sultanbaba türbəsi, Şeyxəhməd türbəsi, məscid, körpü, Ağoğlan məbədi, Cicimli kəndində dəmir dövrünə aid «Qız qəbri» kurqanı, orta əsrlərə aid olan «Çobandaş», Məlik-Əjdər türbələri, XVII-XVIII əsrlərə aid olan türbələr, məscid, Güləbird yaxınlığında iki abidə, türbə, Quşçu kəndində Kurqan, Qala, Malxələf kəndində Xəlifə türbəsi, Məzməzəkdə Qədim qəbristanlıq və s. göstərir və bir daha sübut edir ki, Laçın rayonu ərazisində hətta daş dövründən üzü bəri yaşayış məskənləri olmuş və bu yerlər Oğuz-Türk torpaqlarıdır. Cicimlidəki Məlik-Əjdər türbələri dünya memarlığının nadir incilərindəndir. Abidənin tikilməsi barədə dəqiq məlumat yoxdur. Deyilənə görə yüzillik Səlib müharibəsində iştirak etmiş, sonralar Qafqazda xristianlarla müharibələr zamanı böyük qəhrəmanlıq göstərmiş sərkərdə Məlik və Əjdərin şərəfinə tikilmişdir.

Laçının incəsənət xadimlərindən biri olan, XVII əsr Azərbaycan aşıqlarından Sarı Aşıq rayonunun Güləbird kəndinin yaxınlığında anadan olmuşdur. Sarı Aşıq haqda ilk məlumatı Həsənəli xan Qaradaği vermişdir. Öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə Azərbaycan ədəbiyyatşünaslığı məhz Həsənəli xan Qaradağiyə borcludur. "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir". Sarı Aşığın həyatıyla bağlı xalq arasında "Yaxşı və Aşıq" dastanı təşəkkül tapmışdır. Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, "bayatı qoşmaq qadın işidir" deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük vermişdir. Aşıq əsasən əxlaqi məsələlərə toxunan bu bayatılarında cinaslardan çox ustalıqla istifadə etmişdir. Şeirlərində atalar sözlərini və məsəlləri tez-tez işlədən Sarı Aşıq çoxlu sayda sevgi şeirlərinin də müəllifidir.

Hüseyn Kürdoğlu isə 1934-cü il iyunun 15-də Azərbaycanın Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində anadan olmuşdur. Şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. O, Əhər nəğmələri, Yurdumu gəzə-gəzə, Qaya çiçəkləri, Doğma diyarım, Çiçək təbəssümü, Ata yurdum, Dördtelli durnam, Toy karvanı, Durna səsi, Quzular dağa çıxdı, Müasir kürd şairi Abdulla Qoranın poeziyası, Bu dünya bir karvan yolu, Min bir bayatı və s. kimi əsərlərin müəllifidir.