Gənclər təşkilatları Ana harayı abidəsini ziyarət ediblər
26 Fevral 2022

Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 30-cu ildönümü tamam olur. Bununla əlaqədar olaraq fevralın 26-da ölkənin 100-dən çox aparıcı gənclər təşkilatının nümayəndəsinin iştirakı ilə “Ana harayı” abidəsi ziyarət olunub.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və insanlığa qarşı törədilmiş bu qətliamı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyan yürüş, eyni zamanda, onu göstərir ki, xalqımız xüsusilə, gənclərimiz bu faciəni heç vaxt unutmayacaq və unutdurmayacaq.
Gənclər və gənclər təşkilatları olaraq tarixi ədalətin bərqərar olması,
bəşəriyyətə qarşı belə cinayətlərin təkrar olunmaması, Xocalı soyqırımının beynəlxalq miqyasda “soyqırım aktı” kimi tanınması istiqamətində fəaliyyətlərimizi bundan sonra da əzmlə davam etdirəcəyik. Bu gün hər birimiz müstəqil Azərbaycan Respublikasının gəncləri kimi Xocalı qurbanlarını ziyarət etdik və əminik ki, şəhidlərimizin ruhu şaddır.