Gənclər Təşkilatları Milli Şurası Baş katib və yeni üzvlərini seçdi

12 Mart 2021

Gənclər Təşkilatları Milli Şurası Baş katib və yeni üzvlərini seçdi

12 mart 2021-ci il tarixində Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) növbəti Məclisi onlayn formatda keçirilib. Məclisdə ilk olaraq, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra, Məclisin sədri kimi "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov üzv təşkilatları və nümayəndələrini salamlayaraq, tədbirdə iştirak edən gənclər təşkilatları rəhbərlərinə iştirakları üçün minnətdarlığını bildirdi və yetərsay müəyyən edildikdən sonra məclisi açıq elan etdi.

İclasın gündəliyi təsdiqləndikdən sonra NAYORA-nın sədri Azər Əliyev 2020-ci il sentyabr - 2021-ci il mart tarixləri aralığında qurumun fəaliyyət hesabatını verərək keçirilən tədbirlər, layihələr və onlayn kampaniyalar barədə təqdimat edib.

Tədbirin gedişatında üzvlük üçün müraciət edən “Biləsuvar Yeniyetmə və Gəncləri”, “Böyük Qayıdış Gənclər Təşkilatı”, “Dünya Azərbaycanlıları Gəncləri” və “Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliklərinin fəaliyyəti haqqında təqdimatları nümayiş olunub.

Üzvlüyə müraciət edən təşkilat sədrlərinin çıxışlarından sonra onlayn səsvermə həyata keçirilərək, müvafiq təşkilatların üzvlüyə müraciəti səs çoxluğu ilə qəbul olunub.

 

Qeyd etmək istərdik ki, NAYORA-nın Baş katibi vəzifəsi ilə bağlı vakansiyaya Ramin Həbibzadənin namizədliyi irəli sürülmüşdür. Bununla bağlı R.Həbibzadə Məclis zamanı öz təqdimatını nümayiş etdirdi. Təqdimatın ardınca keçirilmiş səsvermədə Ramin Həbibzadə NAYORA-nın yeni Baş katibi seçildi.

 

Məclis cari məsələlərin müzakirəsi və xatirə fotosu ilə yekunlaşıb.

#NAYORA #Məclis #AzeYouthPolicy