Gənclər Təşkilatlarının IV Milli Konqresi
27 Aprel 2020

Son müraciət tarixi: 29 Aprel 2020
Gənclər təşkilatlarının diqqətinə!
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.2.19 (Gənclər üçün aktual olan məsələlərin həllində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmaq) yarımbəndinin icrası məqsədilə 1-2 may 2020-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı və ölkədəki gənclər təşkilatlarının iştirakı ilə onlayn formatda Gənclər Təşkilatlarının IV Milli Konqresi keçiriləcəkdir.
Konqresin keçirilməsində əsas məqsəd gənclər təşkilatlarını COVİD-19 virusuna qarşı mübarizədə bir araya gətirərək onları birləşdirmək, idarəetmənin effektiv mexanizmlərinin yaradılması haqqında müzakirələr aparmaq, gənclər siyasəti həyata keçirilməsində gənclər təşkilatının potensialının gücləndirmək, prioritet istiqamət və vəzifələr haqqında qərarlar qəbul etməkdir.
Konqres zamanı gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə yanaşı millət vəkilləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və biznes qurumların nümayəndələrinin çıxışları dinləniləcək və “Pandemiyanın yaratdığı yeni çağırışlar və yeni imkanlar”, “Gənclər təşkilatlarının keyfiyyət əmsalı” mövzuları üzrə aşağıdakı istiqamətlər üzrə panellərdə müzakirələr aparılacaqdır:
- rəqəmsal öyrətmə və öyrənmənin üstünlükləri;
- gənclər təşkilatlarının fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və onlayn fəaliyyətinin strukturlaşdırılması;
- gənclər təşkilatlarının fəaliyyətinin onlayn platformalara inteqrasiyası;
- gənclər təşkilatlarının fəaliyyətinin qiymətləndirilməsi mexanizmləri;
- gənclər təşkilatları tərəfindən gənclər üçün göstərilən xidmətlər;
- təlimçilərlə işin təşkili.
Xatırladaq ki, konqresin keçirilməsi təşəbbüsü ilk dəfə 2012-ci ilin noyabrında təşkil edilmiş Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgini ziyarət edərkən səsləndirilib. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü il, ikinci dəfə isə 2015-ci ildə, daha sonra isə 2017-ci ildə gənclər təşkilatının nümayəndələri, eləcə də beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə təşkil edilmişdir.
Qeyd edək ki, Gənclər Təşkilatlarının IV Milli Konqresinin I günü 1 may 2020-ci il saat 12:00-14:00-da, II günün 1-ci hissəsi 2 may 2020-ci il saat 12:00-13:30, 2-ci hissə isə 17:00-18:45-da baş tutacaq.
Tədbirdə iştirak üçün müraciətlər onlayn qeydiyyat vasitəsi ilə qəbul olunur.
Qeydiyyat üçün son tarix: 29 Aprel 2020-ci il saat 18:00
Qeydiyyat üçün link: https://bit.ly/2VGec5r