Gənclər Təşkilatlarının V Konqresi açılış mərasimi ilə öz işinə başlayıb
10 Dekabr 2022

Gənclər Təşkilatlarının V Konqresi açılış mərasimi ilə öz işinə başlayıb.
Açılış mərasimində AR Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, AR Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və AR Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev çıxış edib. Rəsmi hissəyə moderatorluğu NAYORA-nın sədr müavini Ülviyyə Axundova edib.
Çıxışlar zamanı keçirilən Konqresin gənclər təşkilatlarının fəaliyyətləri üçün əhəmiyyəti vurğulanıb və təmsil etdikləri qurumların təşkilatlara yaratdıqları imkanlardan söz açılıb.
Günün ikinci yarısı “Dövlət Gənclər Siyasəti: Gənclər təşkilatları üçün yeni çağrışlar” mövzusunda panel müzakirəsi ilə davam edib. Samir Mehralıyevin moderatorluğu ilə keçirilən paneldə spiker qismində Fuad Babayev və Seymur Hüseynov iştirak ediblər.
Daha sonra NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə qrup müzakirəsi keçirilib, iştirakçılar komandalara bölünərək müxtəlif mövzularda hazırladıqları təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, Konqres Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilir.