“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası üzvlərinin növbəti Məclisi keçirlib
8 May 2023

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası üzvlərinin növbəti Məclisi gənclər paytaxtı Mingəçevirdə keçirildi.
Məclis öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İlk olaraq məclisə sədrlik edən İntiqam Cavanşir üzv təşkilatları və nümayəndələri salamlayaraq, gənclər təşkilatlarının rəhbər və nümayəndələrinə iştirakları üçün minnətdarlığını bildirib.
Daha sonra NAYORA-nın sədri Azər Əliyev NAYORA-nın fəaliyyəti haqqında məlumat verərək, Azərbaycanda gənclər təşkilatlarına və gənclərə verilən önəmi, onlara göstərilən diqqət və qayğını vurğulamış, həmçinin ölkədə onlar üçün yaradılan geniş imkanları diqqətə çatdırıb.
Qeyd edək ki, məclisin rəsmi hissəsi bitdikdən sonra NAYORA-nın Baş katibi Ramin Həbibzadə və sədr müavini Ülviyyə Axundova təşkilatın fəaliyyətlərinə dair hesabat məruzəsi ilə çıxış edərək, keçirilən tədbirlər, layihələr və kampaniyalar haqqında məlumat veriblər.
Tədbirdə üzvlük üçün müraciət edən Gənclərin İnkişafına Dəstək İctimai Birliyi, İrs-Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi İctimai Birliyi, Gənc Psixoloqlar İctimai Birliyi öz fəaliyyətləri, gələcək hədəfləri və planları ilə bağlı təqdimatla çıxış edib.
Üzvlük üçün müraciət edən təşkilatların rəhbər və nümayəndələrinin çıxışından sonra onlayn və oflayn formada səsvermə keçirilib və səs çoxluğu ilə qeyd edilən təşkilatlar assosiativ statusda üzvlüyə qəbul olunub.
Qeyd edək ki, məclis AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.