Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi

25 Noyabr 2020

Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi

Kəndlərdə sahibkarlığın inkişafı, məşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək məqsədilə “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi həyata keçirilir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən reallaşdırılacaq layihə İsmayıllı rayonunun Buynuz, Təzəkənd, Xanəgah kəndləri və Lahıc qəsəbəsində icra olunacaq. Bu məqsədlə layihəyə həmin kəndlərdə yaşayan gənc ailələr, qadınlar və işsiz gənclər cəlb olunacaq. 2021-ci ilin aprel ayınadək davam edəcək layihə çərçivəsində kənd turizmi sahəsində 15 sahibkarlıq subyekti yaradılacaq, turistlərin qəbul ediləcəyi kənd evləri təmir olunacaq, müvafiq avadanlıq və aktivlərlə təmin ediləcəkdir.

Artıq Buynuz, Təzəkənd, Xanəgah kəndləri və Lahıc qəsəbəsinin 300-ə yaxın sakini layihə barədə məlumatlandırılıb, onlarla görüşlər təşkil olunub. Hazırda layihədə iştirak edəcək kənd sakinlərinin qeydiyyatı aparılır. Növbəti mərhələdə peşəkar təlimçilər tərəfindən kənd sakinlərinin sahibkarlıq fəaliyyəti, biznesin idarə olunması, kənd turizmi, turistlərin qəbulu və yerləşdirilməsi kimi istiqamətlərdə bilik və bacarıqları artırılacaq, onlara müvafiq məsləhət xidmətləri göstəriləcəkdir. Təlimləri uğurla başa vuracaq kənd sakinləri arasından 15 gənc seçilərək sahibkarlıq fəaliyyətinə başlamasına və bizneslərinin inkişafına müvafiq dəstək göstəriləcəkdir.

Layihənin icrası nəticəsində 15 gənc ailə (təxminən 30-35 nəfərdən ibarət) kənd turizmi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlirlərini artıracaq, işsizlik və sosial təminat kimi problemləri qismən həll olunacaq. Həmçinin, layihə yeni iş yerləri yaradılmaqla kənd icmasının inkişafına, ölkə regionlarında, xüsusilə də kənd yerlərində sahibkarlıq fəaliyyətinin təşviqinə, 300-ə yaxın kənd sakininin özünüməşğulluq və sahibkarlıq imkanları ilə bağlı məlumatlılıq səviyyəsinin artmasına öz töhfəsini verəcəkdir.