Laçının tarixi və etnoqrafiyasını birlikdə tanıyaq

14 Dekabr 2020

Laçının tarixi və etnoqrafiyasını birlikdə tanıyaq

Gənclər, bu həftə dəyərli məlumatlar əldə edib, daha yaxından tanıyacağımız region qədim oğuz yurdu olan Laçındır

Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonun sərhədlərini  Dəlidağ, İşıqlı, Qırxqız dağ silsilələri əhatə edir. Tarix boyu torpağımıza göz dikənlər Laçını «Aranın- Qarabağın qara qapısı» adlandırırdılar. Zəngəzurda, onun Laçın bölgəsində yaşayan xalqımızın soy kökü, qədim tarixi ilə bağlı və tədqiqinə zərurət duyulan toponimlər çoxdur. Qaradağlı, Bayındır, Bozlu, Küllü təpə, Qızıl qaya, və s kimi coğrafi adlar bu qəbildəndir. Laçının yaşlı nəslinin nümayəndələrinin dediyinə görə Minkənd çayına əvvəllər Ağoğlan çayı deyilirmiş. Hətta çayın sahilində bu günə qədər qalmış Ağoğlan məbədi həmin adı yaşadır. Bəzi qədim adlar tayfa və soyadlarını əks etdirir. Məsələn, Bayandır və yaxud Bayındırlı adları «Kitabi Dədə Qorqud» dastanında oğuz elinin ağsaqqalı Bayındır xanı xatırladır. Laçın tayfa adı bildirən toponimlər sırasında müsəlmanlar (musurmanlar) sözü də maraqlıdır. İndi də Köhnəkənd, Qışlaq, Alçan, İrçan, Xumarta ərazisində yaşayanların hamısı birlikdə müsəlmanlar tayfası adlanır. Laçın rayonu ərazisində ərəb-fars və türk-monqol mənşəli toponimlərin mövcudluğu da tarixin müxtəlif mərhələlərində yadelli işğalçıların bu yerlərə basqını ilə əlaqədardır.

Laçın rayonun tarixinə nəzər saldıqda görmüş oluruq ki, 1822-ci ildə Qarabağ xanlığı ləğv olunana qədər rayonun ərazisi həmin xanlığın tərkibində olmuşdur. 1874-cu ildən sonra Quberniyanın tərkibində yeni bir qəza– Zəngəzur qəzası yaradılır. Laçın rayonunun ərazisi həmin qəzanın tərkibinə daxil olur. Laçın şəhəri 1930-cu ildən Laçın rayonunun mərkəzi elan edilir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən isə 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir.