NAYORA-nın tərəfdaşlığı ilə 20 yanvar hadisələrinə həsr olunmuş “Tarixin Canlı Şahidləri” adlı görüş həyata keçirildi

19 Yanvar 2021

NAYORA-nın tərəfdaşlığı ilə 20 yanvar hadisələrinə həsr olunmuş “Tarixin Canlı Şahidləri” adlı görüş həyata keçirildi

 

“İrəli” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 20 Yanvar hadisələrinə həsr olunan “Tarixin Canlı Şahidləri” adlı görüş həyata keçirilib.

200-ə yaxın gəncin iştirak etdiyi, Malik Bağırovun moderatorluğu ilə baş tutan görüşün əsas məqsədi üstündən uzun illər keçsə də qəhrəmanlıq tariximizin bu şanlı səhifəsini gələcəyimiz olan gənclərə bilavasitə şahidlərin öz dili ilə çatdırmaq, onlarda vətənpərvərlik hislərini gücləndirmək və Azərbaycan xalqının mübarizə tarixini gənclərə aşılamaq olub.

Tədbirin başlanğıcında Azərbaycan Respublikasının Dövət Himni səslənib və vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 20 yanvar hadisələri haqqında öz fikirlərini bölüşən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev bildirib ki, “31 il keçməsinə baxmayaraq gənclər və gənclər təşkilatları bu cinayəti dünya ictimaiyyətinə çatdırmağda öz işinə davam etməlidir.” Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli vurğulayıb ki, “20 yanvar hadisələrində öz canlarından keçən şəhidlərimiz gələcək nəsillərə qəhrəmanlıq nümunəsi oldu.” Daha sonra “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışında bildirib ki, “20 yanvar şəhidləri vətən yolunda, xalq yolunda, bugünki azadlığımız və müstəqilliyimiz yolunda şəhid olublar. Vətən və xalq yolunda həlak olanların ömrü vətənin ömrü qədərdir.”

Anım tədbirində yazıçı, jurnalist Orxan Fikrətoğlu və 20 Yanvar hadisələrinin şahidləri tərəfindən tarixin reallıqlarını müzakirə edilib. Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışılıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir.

Tədbir zamanı 20 yanvar gününün şahidləri də baş vermiş hadisələrin reallıqlarını gənclərimizlə bölüşərək, gələcək nəsilin bu torpağın qoruyucuları olduqlarını vurğulayıblar. Görüşdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub, haqq savaşında aparılan mübarizədə qalib gələn igidlərimizə təşəkkür edilib, qalibiyyətimizi şəhidlərimizə borclu olduğumuz bildirilib.