Qubadlının tarixi və etnoqrafiyasını yaxından tanıyaq
26 Dekabr 2020

Gənclər, bu dəfə sizinlə Qubadlını yaxından tanıyacağıq
Qubadlı rayonu, ərazisi maddi mədəniyyət və dini abidələrlə zəngin olan, tarixdə Bərgüşad mahalı kimi tanınan regionumuzdur. XVIII əsrin ortalarına qədər inzibati ərazi vahidi kimi Zəngəzur mahalının tərkibində Qaradağ xanlığına tabe olumuşdur. Qubadlının tarixi, etnoqrafiyası və mədəniyyətinə aid qaynaqlarda bu mahalın qədim türklərin yaşayış məskənlərindən olduğu dönə-dönə vurğulanır: "Rayonun ərazisində mövcud olmuş abidələr də bu faktı əyani şəkildə təsdiqləyir. Qubadlı torpağının tarixi uludur. Lakin onun adı bir mənbəyə ("Coğrafi adlar", Azərnəşr, 1982) əsasən, beş əsr bundan əvvəl yaranıb: "Qubadlı XVI əsrin sonunda Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin adını daşıyır". Azərbaycan xalqının tarixi faciəsi kimi yaşanan 1921-ci ildə rus-erməni, eləcə də daşnak-bolşevik ittifaqının nəticəsi olaraq, imperiya mahalı iki yerə bölüb. Qubadlı, Laçın və Zəngilan rayonları çətinliklə də olsa, Azərbaycan Respublikasının inzibati ərazisində qalıb. 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi prezident tərəfindən bəyan edilmişdir.