Region şagirdləri arasında peşə təhsili sahəsinin təbliği" layihəsinin açılış tədbiri keçirilib

11 Mart 2022

Region şagirdləri arasında peşə təhsili sahəsinin təbliği" layihəsinin açılış tədbiri keçirilib

11 Mart, 2022-ci il tarixində Gəncə şəhərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra edilən "Region şagirdləri arasında peşə təhsili sahəsinin təbliği" layihəsinin açılış tədbiri baş tutdu.

Tədbirdə Milli Məclisin deputatı Müşfiq Cəfərov,  Gəncə şəhəri Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir müavini Nigar İsmayılzadə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Peşə Təhsili üzrə koordinatoru Zəhra Əmrahova və Gəncədə yerləşən orta və peşə müvafiq məktəblərinin direktorları iştirak etdi.  Tədbirdə  layihəyə cəlb olunacaq  ümümtəhsil məktəbləri-peşə təhsil mərkəzləri-özəl sektor müəssisələri arasında sinerji yaratmaq, o cümlədən onlar arasında potensial əməkdaşlığı təşviq etmək xarakterli çıxışlar, təqdimatlar və müzakirələr aparıldı.

Qeyd edək ki, layihənin məqsədi - Gəncə şəhərində orta ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə və gənclərin peşə təhsilinə maraqlarının artırılması və bu prioritet sahənin icra ediləcək fəaliyyətlər vasitəsilə layihənin hədəf qrupuna effektiv şəkildə aşılanmasıdır. 

Layihə çərçivəsində Gəncə şəhərində 10 ümümtəhsil orta məktəbindən ümumilikdə 200 nəfər şagirdi əhatə edən peşə təhsili sahəsi ilə bağlı məlumatlandırıcı sessiyalar həyata keçiriləcək.