Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz bölgələrində yaşayan qadın və qızların məşğulluq imkanlarının artırılması
21 Dekabr 2021

"Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz bölgələrində yaşayan qadın və qızların məşğulluq imkanlarının artırılması" layihəsinin əsas məqsədi Lerik, Quba və İsmayıllı rayonlarında 18-29 yaş arası gəncləri sosial sahibkarlıq haqqında maarifləndirmək və məşğulluqlarının artırılması olmuşdur.
Ümumilikdə 3 fazaya bölünən layihənin ilk fazası iştirakçıların cari imkanlar haqqında maarifləndirmə sessiyalarını əhatə edib. İkinci faza sosial sahibkarlıq təlimlərini, üçüncü faza isə mentorluq fəaliyyətlərini əhatə edəcək.
24-27 fevral tarixlərində Quba və İsmayıllı rayonlarında paralel olaraq həyata keçirilən təlimlərin ilk günü sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı, təşviqi istiqamətində görülən işlər, dövlət tərəfindən yaradılan imkanlar barədə iştirakçılar arasında fikir mübadiləsi aparılıb, sosial baxımdan həssas qruplar üçün layiqli məşğulluq və gəlir imkanlarının formalaşdırılmasının, onların cəmiyyətə hərtərəfli inteqrasiyasının, sosial sahibkarlığın təşviqinin ölkəmizdə prioritet istiqamətlərdən olduğu qeyd edilib. Daha sonra Quba rayonunda sosial sahibkar Sara Rəcəbli, İsmayıllı rayonunda isə Tofiq Sadıxov tərəfindən sosial sahibkarlıq konsepsiyası, ideyanın yaranması, biznes planın hazırlanması, iş bölgüsü kimi mövzular üzrə təqdimat edilib.
Layihə çərçivəsində qeyd olunan rayonların gəncləri arasında onlayn və oflayn sorğular keçirilib.
Qeyd edək ki, layihə "Yerli Təşəbbüslər üçün Kanada Fondu" proqramı çərçivəsində Kanadanın Türkiyədəki Səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilib