Gənclərlə iş üzrə menecerlərin inkişaf proqramı yekunlaşdı

5 İyun 2022

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə Lənkəran şəhərində 30-dan çox gənclər təşkilatının nümayəndələrinin iştirakı ilə “Gənclərlə iş üzrə menecerlərin inkişaf proqramı” layihəsi həyata keçirilib.

Proqramın əsas məqsədi gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi, onların birgə fəaliyyətlərə təşviq edilməsi, təcrübə mübadilələrinin həyata keçirilməsi, seminar və sessiyalar vasitəsilə yeni biliklərin əldə edilməsi və interaktiv fəaliyyətlərlə səmərəli vaxtın keçirilməsi olub. Layihə iştirakçıları gənclər təşkilatlarında fəaliyyət göstərən baş katiblər və ya səlahiyyət baxımından bu vəzifəyə uyğun şəxslər olublar.

Layihənin ilk günü Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynovun təqdimatında “Gənclərlə işin qurulması və gənclər siyasəti ilə tanışlıq” mövzusunda sessiyası baş tutub. Qeyd olunub ki, layihənin ikinci gününə iştirakçıların fiziki sağlamlığının artırılması məqsədilə səhər idmanla başlanıb, daha sonra təlimçi dosent Təyyar Mustafayevin “Müasir idarəetmənin texnikaları və təşkilati mədəniyyət” mövzusunda təlimilə davam edib. “Təşkiletmə və fəaliyyətlərə nəzarət mexanizmləri” ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Fəaliyyətlərin davamı olaraq “Gənclər təşkilatlarının fəaliyyətində çatışmayan məsələlər və gənclərin aktiv cəlb edilməsi üsulları” mövzusunda açıq məkanda müzakirə keçirilib, bununla da günə yekun vurulub.

Həmçinin ADA Universitetinin dekanı Anar Vəliyevin təqdimatında “Qərarvericilik prosesində təhlil və lobbiçilik”, “Peşəkar inkişaf: məqsəd və hədəflərin planlaşdırılması” mövzusunda praktiki seminar keçirilib.

Günün sonuna doğru Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərovla “Gənclər təşkilatlarının idarə olunmasında baş katib və ekvivalent şəxslərdən olan gözləntilər” mövzusunda qeyri-formal görüş olub, proqram bağlanış mərasimi ilə yekunlaşıb.