İsmayıllıda gələcəyin sahibkarları üçün silsilə təlimlər başlayır

22 February 2021

İsmayıllıda gələcəyin sahibkarları üçün silsilə təlimlər başlayır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Kəndlərdə sahibkarlığın və Özünüməşğulluğun inkişafı” layihəsinin “Təlim və Hüquq” mərhələsində fevral-mart ayında İsmayıllıda gələcəyin sahibkarları üçün təlimlər silsiləsi başlayır. Təlimlərin keçirilməsində məqsəd layihə çərçivəsində sahibkarlıq fəaliyyəti, özünüməşğulluq və kənd turizmi sahəsində iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirməkdir. “Kənd turizmi biznesi necə işləyir?”, “Qonaq evində əlavə satışlar”, “Maliyyənin idarəedilməsi”, “Kənd turizmi biznesində qazanc imkanları”, “Turist xidmətinin təşkili”, “Müştəri ilə ünsiyyət texnikaları”, “Qonaq evində standartlar və təhlükəsizlik”, və s. mövzularında təlimlər peşəkar mütəxəssislər tərəfindən keçiriləcək.

Təlimlərə qatılmaqla iştirakçılar öz bizneslərini qurmağı, kənd turizmi sahəsində işləmə qaydalarını öyrənəcək, müştərilərlə düzgün ünsiyyət qurma bacarıqlarını inkişaf etdirəcək, qonaq evlərinin düzgün idarə olunması, gigiyena qaydaları və s. kimi vacib mövzuları öyrənəcəklər. Təlim iştirakçılarına şəhadətnamələr də təqdim olunacaq.