Gənclər Təşkilatlarının II Respublika Forumu
24 May 2019

24 - 25 may 2019-cu il tarixində Bakı Gənclər Mərkəzində “Gənclər Təşkilatlarının II Respublika Forumu” keçirilib.
Forumda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) nümayəndələri açılış nitqi ilə çıxış etmiş, daha sonra Forum müzakirələr və paralel sessiyalar ilə davam etmişdir.
Tədbirdə NAYORA-nın sədri Məryəm Məcidova çıxış edərək Gənclər Təşkilatları Milli Şurası olaraq qurumun 1995-ci ildən fəaliyyət göstərdiyini, yalnız üzv olan 128 gənclər təşkilatları ilə deyil, eyni zamanda, digər üzv olmayan təşkilatlarla, təşəbbüs qrupları ilə birgə fəaliyyət göstərdiyini qeyd etmişdir.
Forumun keçirilməsində əsas məqsəd respublikada fəaliyyət göstərən gənclər təşkilatları ilə fikir mübadiləsi aparmaq, onların təkliflərini dinləmək, dövlət qurumları ilə gənclər təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaratmaqdır.
İki gün davam edən Forum çərçivəsində gənclər təşkilatlarının ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi, gənclərlə iş sahəsində ən yaxşı təcrübələr, könüllülərin cəlb olunma işinin təşkili mövzusunda seminarların, gənclər təşkilatlarına dəstək mexanizmləri və ölkəmizdə gənclər siyasətinin təbliği və dəstəyində onların rolu mövzusunda qrup işlərinin, eyni zamanda gənclər təşkilatlarının fəaliyyətinin “SWOT” modeli əsasında təhlili həyata keçirilmişdir.