Gənclərlə İş Üzrə Menecerlərin İnkişaf Proqramı

10 August 2022

Gənclərlə İş Üzrə Menecerlərin İnkişaf Proqramı

"Menecerlərin inkişaf proqramı" Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilib.

İlk düşərgə gənclər təşkilatlarında fəaliyyət göstərən baş katiblər üçün Lənkəran şəhərində keçirilib. Proqramın əsas məqsədi gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi, onların birgə fəaliyyətlərə təşviq edilməsi, təcrübə mübadilələrinin həyata keçirilməsi, seminar və sessiyalar vasitəsilə yeni biliklərin əldə edilməsi və interaktiv fəaliyyətlərlə səmərəli vaxtın keçirilməsi olub. 

Layihənin ilk günü Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynovun təqdimatında “Gənclərlə işin qurulması və gənclər siyasəti ilə tanışlıq” mövzusunda sessiyası baş tutub. Qeyd olunub ki, layihənin ikinci gününə iştirakçıların fiziki sağlamlığının artırılması məqsədilə səhər idmanla başlanıb, daha sonra təlimçi dosent Təyyar Mustafayevin “Müasir idarəetmənin texnikaları və təşkilati mədəniyyət” mövzusunda təlimilə davam edib. “Təşkiletmə və fəaliyyətlərə nəzarət mexanizmləri” ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Fəaliyyətlərin davamı olaraq “Gənclər təşkilatlarının fəaliyyətində çatışmayan məsələlər və gənclərin aktiv cəlb edilməsi üsulları” mövzusunda açıq məkanda müzakirə keçirilib, bununla da günə yekun vurulub.

Həmçinin ADA Universitetinin dekanı Anar Vəliyevin təqdimatında “Qərarvericilik prosesində təhlil və lobbiçilik”, “Peşəkar inkişaf: məqsəd və hədəflərin planlaşdırılması” mövzusunda praktiki seminar keçirilib.

Günün sonuna doğru Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərovla “Gənclər təşkilatlarının idarə olunmasında baş katib və ekvivalent şəxslərdən olan gözləntilər” mövzusunda qeyri-formal görüş olub, proqram bağlanış mərasimi ilə yekunlaşıb.

İkinci düşərgə gənclər təşkilatlarında fəaliyyət göstərən layihə menecerləri üçün təşkil olunub. 

Məlumat üçün bildirək ki, gənclər təşkilatlarının layihələr üzrə menecerlərinin iştirakçısı olduğu proqramın əsas məqsədi seminar və sessiyalar vasitəsi ilə menecerlərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi, onların birgə fəaliyyətlərə təşviq edilməsi, təcrübə mübadilələrinin və interaktiv fəaliyyətlərlə səmərəli vaxtın keçirilməsi olub.

Layihənin ilk günü iştirakçıların bir - birilərini daha yaxşı tanımaları üçün komanda oyunları keçirilib və daha sonra Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynovun təqdimatında “Gənclərlə işin qurulması və gənclər siyasəti ilə tanışlıq” mövzusunda sessiyası baş tutub. Sessiya zamanı gənclərlə iş nədir və necə qurulmalı, gənclər siyasətinin uğurla həyata keçirilməsində gənclər işçilərinin rolu, vəzifə və öhdəlikləri kimi başlıqlar ətraflı müzakirə olunub. Daha sonra Kapital Bankın İnsan Resursları departamentinin Koordinasiya və partnyorluq şöbəsinin meneceri Fidan Hüseynovanın təqdimatında "Layihələrdə Agile idarəetmə" mövzusunda təlimi keçirilib.

Layihənin ikinci gününə iştirakçıların fiziki sağlamlığının artırılması məqsədilə səhər idmanı ilə başlanıb, daha sonra təlimçi Fəxri Məmmədovun “Layihələrin idarəedilməsi” mövzusunda təlimi ilə davam edib. Layihə idarəedilməsinin əsasları, mərhələləri, daxili kommunikasiya üsulları və nəzarət mexanizmləri, layihə PR strategiyasının idarəedilməsi mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların qrup işləri ilə sessiya yekunlaşıb. Daha sonra Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov ilə ümumi müzakirə formatında görüş keçirilib.

Layihənin üçüncü günü Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ilə “Liderlik: effektiv idarəetmə və komanda ilə iş” mövzusunda görüş keçirilib. Günün ikinci yarısı Mingəçevir Gənclər Evinə infotur edilərək fəaliyyətlər davam etdirilib, “Büdcə və hesabatlılıq” mövzusunda NAYORA-nın Baş katibi Ramin Həbibzadənin təqdimatında təlim və qrup işlərinin təqdimatı baş tutub.

İyunun 28-də Tofiq Sadıxovun təqdimatında “Masterclass” keçirilib və qrup işlərinin təqdimatından sonra proqram yekunlaşıb.

Üçüncü təlim isə PR menecerlər üçün keçirilib. 

Gənclər təşkilatlarının PR menecerlərinin iştirakçısı olduğu proqramın əsas məqsədi seminar və sessiyalar vasitəsi ilə gənclər təşkilatlarında fəaliyyət göstərən PR menecerlərin sosial mediadan operativ istifadə, iş mühitində keyfiyyətli və effektiv rəqəmsal kommunikasiyanın formalaşdırılması istiqamətində bilik və bacarıqlarının artırılması, gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi, onların birgə fəaliyyətlərə təşviq edilməsi, təcrübə mübadilələrinin və interaktiv fəaliyyətlərlə səmərəli vaxtın keçirilməsi olub. 

Layihənin ilk günü iştirakçıların şəbəkələşməsi üçün komanda oyunları keçirilib və daha sonra PR üzrə konsultant Səmayə Məmmədovanın təqdimatında “Gənclər Təşkilatlarında PR işinin düzgün qurulması” mövzusunda sessiya baş tutub. Sessiya zamanı gənclər təşkilatlarında PR necə idarə olunmalı və bu zaman diqqət yetirilməli məqamlar, gənclərin bu sahədəki rolu, vəzifə və öhdəlikləri ətraflı müzakirə olunub. Daha sonra NAYORA-nın sədri Azər Əliyev tərəfindən iştirakçılara gənclər təşkilatlarının PR sahəsində SWOT analizi vörkşopu keçirilib.

Layihənin ikinci günündə iştirakçıların fiziki sağlamlığının artırılması məqsədi ilə səhər idmanı ilə başlanıb, daha sonra Azxəbər.az saytının baş direktoru Əfsələddin Ağalarov tərəfindən “KİV-lərlə əlaqələrin qurulması zamanı QHT-lərin qarşılaşdığı problemlər” mövzusunda təlimi ilə davam edib. Xəbər saytlarına press-relizin hazırlanması, təqdim edilməsi, QHT-lərin press-relizlərdə yol verdiyi səhvlər kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların qrup işləri ilə sessiya yekunlaşıb. Daha sonra bloqer Günel Rəhimova ilə qeyri-formal formatda görüş keçirilib, proqramın sonuna doğru isə Şamaxı Astrofizika Rəsəsdxanası və Yay Fest ərazisinə infotur təşkil olunub.

Layihənin üçüncü günü Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin İctimaiyyətlə Əlaqələr üzrə şöbə müdiri Elnur Niftəliyev, Dövlət Məşğullluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayev və AzTV-nin Teleradio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri Almaz Mahmudun spikerliyi ilə “Gənclər Təşkilatlarının fəaliyyətlərinə TV kanalların cəlb edilməsi üsulları” mövzusunda panel müzakirəsi keçirilib.

Günün ikinci yarısı A+CO şirkətinin Rəqəmsal Marketinq şöbəsinin müdiri Orxan Salmanovun təqdimatında “Sosial media hesablarının idarə olumasında diqqət olunmalı məqamlar və rəqəmsal marketinq” mövzusunda təlim və ATV kanalının xəbər aparıcısı Pərvin Əsgərlinin iştirakçılarla qeyri-formal görüşü keçirilib.

Proqramın son günü isə Azərbaycan Respublikasının Gənclər Fondunun nümayındələrinin iştirakı ilə görüş və təlim keçirilib.