“Heydər Əliyev İli” çərçivəsində Baş katiblər üçün təkmilləşdirmə kursu keçirilib

20 June 2023

Quba rayonunda 40-dan çox gənclər təşkilatının Baş katibləri (və ya ekvivalent şəxslər) üçün keçirilən təkmilləşdirmə kursu yekunlaşdı.

 

Proqrama uyğun olaraq ilk gün Ulu Öndər Heydər Əliyevin abidəsi layihə iştirakçılarının iştirakı ilə ziyarət olunaraq önünə gül dəstələri qoyulub.

 

Açılış mərasimində NAYORA-nın sədri Azər Əliyev çıxış edərək iştirakçıları salamlamış və proqram haqqında məlumat vermişdir, daha sonra iştirakçıların şəbəkələşməsi üçün NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə keçirilən komanda quruculuğu oyunları və qrup işlərinin təqdimatı ilə gün yekunlaşıb.

 

Layihənin ikinci gününün ilk qonağı ABB-nın Daxili kommunikasiya şöbəsinin müdiri Nurxan Babayev olub. “Motivasiya faktorlarının işçilərin iş performansına təsir və təhlili” mövzusunda keçirilən görüş interkativ müzakirələr və iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə sona çatıb. Günün davamı olaraq Azərbaycan-Fransız Universitetinin İcraçı direktoru Vazeh Əsgərovla “İdarəçiliyin əsasları” mövzusunda case-study və Azərbaycanın birinci Baş Naziri, diplomat Həsən Həsənovla “İdarəetmə və idarəçi anlayışı - İdarəçinin fəaliyyətlərinə təsir edən amillər” mövzusunda görüş keçirilib. AR Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynovla baş tutan görüşlə ikinci günə yekun vurulub.

 

Qeyd edək ki, layihənin sonuncu günü təlimlər sessiyasına xüsusi yer verilib. Belə ki, ilk təlim “Oba Market” MMC-nin Şöbə müdiri Vüsal Mahmudovun təqdimatında “İdarəetmədə keyfiyyət standartları” mövzusunda keçirilib. Daha sonra ADA Universitetinin dekanı Anar Vəliyevlə iki hissədən ibarət olan sessiya baş tutub. İlk sessiya “İdarəçilikdə məqsəd və hədəflərin planlaşdırılması”, ikinci sessiyada isə “Qərarvericilik prosesində təhlil və lobbiçilik” mövzusunda interaktiv müzakirələrlə yadda qalıb.

 

Günə, eyni zamanda layihəyə Milli Məclisin deputatı Naqif Həmzəyevin iştirakı ilə keçirilən görüşlə yekun vurulub.

 

Mencerlərin İnkişaf Proqramı çərçivəsində keçirilən layihə Azərbaycan Respubliaksı Gənclər Fondunun dəstəyi və AR Gənclər və İdman Nazirliyinin tərəfaşlığı ilə baş tutub.