Gənclər Təşkilatlarının V Konqresi

10 December 2022

Gənclər Paytaxtı Tovuzda Gənclər Təşkilatlarının V Konqresi baş tutub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə 8-10 dekabr, 2022-ci il tarixində Gənclər Paytaxtı Tovuz şəhərində 100 nəfər gənclər təşkilatı rəhbərinin iştirakı ilə “Gənclər Təşkilatlarının V Konqresi” keçirilib. Konqresin əsas məqsədi gənclər təşkilatlarının yeni tərəfdaşlıq əlaqələri qurmalarına dəstək olmaq, gənclərlə iş və gənclər siyasəti ilə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq və gənclər təşkilatlarının idarəedilməsi sahəsində yeni mexanizimlərin yaradılmasını təmin etməkdir. Konqres ənənəvi olaraq NAYORA tərəfindən həyata keçirilən, gənclər təşkilatlarının bir araya gətirilməsi, onların problem və təkliflərinin dinlənilməsi, yeni tərəfdaşlıqların qurulması, birlikdə bir çox innovativ layihə və fəaliyyətlərin təşkili, həmçinin təşkilatlar və dövlət qurumları ilə birgə gənclər siyasətinin müzakirə edilməsi kimi önəmli mövzuları özündə cəmləşdirir. Konqres Ulu Öndər Heydər Əliyevin abidəsi və Fəxri Xiyabını ziyarətlə öz işinlə başlayıb. Qeyd edək ki, 3 gün davam edəcək Konqresin açılış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış ediblər. Açılış mərasimindən sonra Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayevin moderatorluğu ilə “Gənclər təşkilatlarının idarəedilməsində keyfiyyət meyyarları” mövzusunda müzakirə sessiyası baş tutub. Günün ikinci yarısı “Dövlət gənclər siyasəti: Gənclər təşkilatları üçün yeni çağrışlar” mövzusunda panel müzakirəsi ilə davam edib. Paneldə spiker qismində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və  Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov iştirak edib.