NAYORA-nın üzvlərinin növbəti məclisi keçirildi

25 October 2022

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin oktyabrın 25-də hibrid formatda növbəti məclisi baş tutub.

Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən məclisdə ARGTMŞ-na üzv olan və üzv olmaq üçün müraciət edən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Məclis öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İlk olaraq məclisə sədrlik edən Araz Əhmədov üzv təşkilatları və nümayəndələri salamlayaraq, gənclər təşkilatlarının rəhbər və nümayəndələrinə iştirakları üçün minnətdarlığını bildirib.

Daha sonra NAYORA-nın sədri Azər Əliyev Azərbaycanda gənclər təşkilatlarına və gənclərə verilən önəmi, onlara göstərilən diqqət və qayğını vurğulayaraq, ölkədə onlar üçün yaradılan geniş imkanlar barədə məlumat verib.

Qeyd edək ki, məclisin rəsmi hissəsi bitdikdən sonra NAYORA-nın Baş katibi Ramin Həbibzadə, sədr müavinləri Ülviyyə Axundova və Rafael Hacıbəyli təşkilatın fəaliyyətlərinə dair hesabat məruzəsi ilə çıxış edərək, keçirilən tədbirlər, layihələr və kampaniyalar haqqında məlumat veriblər.

Tədbirdə üzvlük üçün müraciət edən Azərbaycan Təfəkkür Gənclərin Assosiasiyası İctimai Birliyi öz fəaliyyətləri, gələcək hədəfləri və planları ilə bağlı təqdimatla çıxış edib.

Üzvlük üçün müraciət edən təşkilatın sədrinin çıxışından sonra onlayn və oflayn formada səsvermə keçirilib, səs çoxluğu ilə Azərbaycan Təfəkkür Gənclərin Assosiasiyası İctimai Birliyi təşkilat Gənclər Təşkilatları Milli Şurasında assosiativ statusunda üzvlüyə qəbul olunub.

Qeyd edək ki, məclis öz işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.