Beynəlxalq platformalara üzvlük

Üzv olduğumuz beynəlxalq platformalar

- İnstitusional Tərəfdaşlarla Əməkdaşlıq

1. Birləşmiş Millətlər Təşkilatı

Milli Şura 2002-ci ildən BMT-nin 54 dövlətinin təmsil olunduğu İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi statusa malikdir. Milli Şura BMT-nin bir sıra qurum və agentliyi ilə sıx əməkdaşlıq əlaqələri quraraq BMT-nin gənclər və yeniyetmələrlə iş sahəsində milli səviyyədə dayanıqlı tərəfdaşa çevrilmişdir. Bu günə qədər BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Uşaq Fondu (UNICEF), Beynəlxalq Əmək Təşkilatı (lLO), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), eləcə də BMT-nin Baş katibinin Gənclər üzrə Xüsusi Elçisinin Ofisi ilə onlarla birgə uzunmüddətli və qısamüddətli layihə və tədbir təşkil olunub. Bu tərəfdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği, gənclər siyasəti, uşaq və yeniyetmələrin hüquqları, gənclərin sağlamlığı, gənclərin iştirakçılığı və digər mövzuları əhatə edib.

2. Avropa Şurası

Milli Şuranın Avropa Şurası ilə uzunmüddətli əməkdaşlığı Avropa Şurasının Gənclərlə İş üzrə Departamenti ilə sıx əlaqələrinə əsaslanır. Milli Şura Avropa Şurasının gənclərlə iş üzrə təcrübəsini, metodikasını və Avropa Şurasının Nazirlər Komitəsinin, eləcə də digər strukturların qərar və tövsiyyələrini Azərbaycanın maraqlarına uyğun olaraq tətbiq edir və Azərbaycanın gənclər siyasəti təcrübəsini digər Avropa ölkələri ilə bölüşür. İlk dəfə 2002-2003-cü illərdə, daha sonra 2014-2015-ci illərdə Milli Şura Avropa Şurasının Gənclərlə İş üzrə Məşvərət Şurasında Azərbaycanı təmsil edib. Hal-hazırda Milli Şura Avropa Şurasının Gənclər Sektorunda 2012-2017-ci illər üzrə prioritet təşəbbüsü olan «Nifrət Nitqinə Yox Hərəkatı» Kampaniyasının Azərbaycanda milli əlaqələndiricisidir.

3. Avropa İttifaqı

Gənclər Təşkilatları Milli Şurası Avropa İttifaqının «Erasmus+» proqramında fəal iştirak edir. Bu proqram çərçivəsində hər il onlarla gənc və gənclər təşkilatlarının nümayəndəsi Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə iştirak edir. Mili Şura 2013-cü ildən Avropa Könüllülük Xidmətinin «göndərən» və «qəbul edən» təşkilat akkreditasiyasına sahibdir. 2016-cı ildə həmin akkreditasiya yenilənib.

- Regional Səviyyədə Əməkdaşlıq


Azərbaycan Respublikasının qonşu ölkələri və qonşu bölgələr arasında gənclər əməkdaşlığının gücləndirilməsi məqsədi ilə Milli Şura bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq edir, qonşu ölkələrin milli gənclər şuraları ilə birgə fəaliyyətlər təşkil edir. Milli Şura Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Ukraynanın aparıcı gənclər platformaları ilə ikitərəfli əməkdaşlıq memorandumları imzalayıb.

1. Müstəqil Dövlətlər Birliyinin Gənclərlərlə İş Şurası
2. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Şurası
3. GUAM Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatının Gənclər Forumu
4. Türk Şurası Gənclər Forumları

- Qlobal Gənclər Təmsilçiliyi

Azərbaycan gənclərinin beynəlxalq səviyyədə təmsil olunması və Azərbaycanın maraqlarının qlobal səviyyədə qorunmasına dəstək göstərmək məqsədi ilə ARGTMŞ bu gün dünyanın 4 tərəfini əhatə edən beynəlxalq gənclər platformalarında təmsil olunur.

- Dünya Gənclər Assambleyası
2014-cü ildən tamhüquqlu üzvü və İcra Komitəsində təmsil olunur.
- Avropa Gənclər Forumu
1997-ci ildən tamhüquqlu üzvü, 2016-cı ildən Üzvlük Müraciətləri üzrə Konsultativ Orqanının üzvü.
- İslam Konfransı Təşkilatının Gənclər Forumu
2004-cü ildən həmtəsisçi və tamhüquqlu üzvüdür.
- Pan-Afrika Gənclər Birliyi
2013-cü ildən əməkdaşlığa dair memorandum əsasında strateji tərəfdaş.
- “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı
2012-ci ildən həmtəsisçi və tamhüquqlu üzvüdür.
- Dünya Türk Gənclər Birliyi
1997-ci ildən həmtəsisçi və tamhüquqlu üzvüdür.
- Qara Dəniz Gənclər Şəbəkəsi
2014-cü ildən həmtəsisçi və üzvü.
- “Sodrujestvo” Beynəlxalq Gənclər Təşkilatı
2012-ci ildən üzvüdür və İdarə Heyətində təmsil olunur.